“Azərbaycanın xarici kredit almağa bir o qədər də ehtiyacı yoxdur” - Deputat

10:28 28.11.2019 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

“Azərbaycanın valyuta ehtiyatları ilbəil artır. Strateji ehtiyatlarının artması Azərbaycanda maliyyə sabitliyinin və iqtisadi inkişafın təmin edilməsinə mühüm rol oynayır. Valyuta ehtiyatlarının artması güclü sabitlik potensialını möhkəmləndirir. Valyuta ehtiyatlarının yüksək artım tempi güclü iqtisadi təhlükəsizlik yastığının təmin edilməsində də xüsusi əhəmiyyət kəsb edir”. Bunu hafta.az-a millət vəkili Aydın Hüseynov deyib.

Millət vəkili vurğulayıb ki, Prezident İlham Əliyevin yürüdülən uğurlu siyasət Azərbaycanın xarici borcunun azalmasına da səbəb olub: “Hazırda ölkəmizin xarici borcu ümumi daxili məhsulun 18 faizini təşkil edir. Bununla da ölkəmiz dünyada bu göstəriciyə malik 9-cu ölkədir. Dövlət başçısının tapşırığına əsasən xarici borcun yaxın illərdə daha da azaldılması qarşıya vəzifə kimi qoyulub”.
Deputat həmçinin qeyd edib ki, ölkə Prezidenti hər zaman müstəqil iqtisadi siyasət aparıldığını və bu siyasətin əsasında müstəqil iqtisadiyyatın dayandığını vurğulayıb: “Sözsüz ki, ölkənin müstəqil iqtisadi siyasəti onda tam müstəqil olur ki, hər hansı bir kənar faktorlardan asılı olmur. Yəni, həm bizim valyuta ehtiyyatlarımızın kifayət qədər olması, həm də iqtisadi layihələrin müvəffəqiyyətlə həyata keçirilməsinə görə bu gün Azərbaycanın xarici kredit almağa bir o qədər də ehtiyacı yoxdur. Əslində Azərbaycan digər ölkələrə kredit verir, eləcə də investisiyalar qoyur. Bu isə bizim iqtisadi müstəqilliyimizin əsasını təşkil edir”.